Posted by Abbas Hünbətov
Posted on June 30, 2021
Federasiyamızın idmançıları artıq məşq prosesinə start veriblər. Ötən illərlə müqayisədə gənclərin idmana marağı daha böyükdür. Pençak-silat və sindo-ryu idman növləri ilə məşğul olmaq istəyənlərin sayı artıb.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Pençak-silat və Sindo-ryu Federasiyasının prezidenti Abbas Hünbətov deyib.
Federasiya üzlərinin müxtəlif zallarda hazırlığı davam etdirdiyini vurğulayan A.Hünbətov bildirib ki, yığmanın baş məşqçisi Elxan Cəfərovun rəhbərliyi altında millimizin üzvləri "Sərhədçi" İdman Olimpiya Mərkəzində hazırlaşırlar. Qaradağda, Müşfiqabadda, Binəqədidə və digər qəsəbələrdə məşqlər plana uyğun davam edir. Qarşıdan yay tətili gəldiyi üçün yeniyetmələri hazırlıq prosesinə daha çox cəlb etmirik. Əsas gücümüzü sentyabr ayına saxlamışıq.
"Pandemiya dövründə formadan düşən idmançıların əvvəlki vəziyyətinə qayıtması federasiya prezidenti olaraq mənim həmişə diqqət mərkəzimdə olub. Artıq 1 aya yaxındır ki, bunun üzərində iş gedir və xüsusi plan hazırlanıb. Pandemiya dövründə ən böyük zərbə idmana dəydi. Amma bəzi idmançılarımız həmin dövrdə evdə öz məşqlərini davam etdirdilər. Onların bəziləri ilə onlayn görüşlərim oldu və tövsiyələrimi bildirdim. Bunun əksinə məşq etməyənlər də oldu. Düzdür, idmançını formaya salmaq çətindir. Çünki illər ərzində qazandıqlarını artıq itiriblər. Sindo-ryuda formanı saxlamaq asandır. Ancaq pençak-silat da isə bu, çətindir", - deyə federasiya prezidenti əlavə edib".
A.Hünbətov deyib: "Əsas məqsədimiz yığma komandanı formaya salmaqdır. Bunun üçün xeyli güc və əziyyət lazımdır. Artıq bu istiqamətdə federasiya daxilində müəyyən görüşlər təşkil olunub".
Azərbaycan Pençak-silat və Sindo-ryu Federasiyasının 7 beynəlxalq idman qurumuna üzv olduğunu deyən A.Hünbətov bildirib ki, yığmamızın üzvləri yalnız sindo-ryu və pençak-silat yarışlarında güclərini sınamırlar. Təmsilçilərimiz bu qurumların təşkil etdiyi Avropa və dünya çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Qarşıda idmançılarımızı fərqli idman növləri üzrə iki dünya çempionatı gözləyir. Hər iki yarışa Antalya ev sahibliyi edəcək. Bunlardan biri bütün karate növləri üzrə dünya çempionatıdır. 2019-cu ildə Moskvada keçirilən qitə birinciliyində ilk dəfə iştirak edən yığmamız çempionatı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurmuşdu. İlk dəfə çıxış etməyimizə baxmayaraq idmaçılarımız uğurlu çıxışları ilə mükafatçılar arasında yer almağı bacardılar. Ötən il çempionat koronavirus infeksiyasına görə ləğv edildi. Mən çox çalışdım ki, dünya çempionatı bu il Azərbaycana həvalə olunsun. Ancaq Türkiyə səs çoxluğu ilə dünya çempionatına ev sahibliyi etmək hüququ qazandı. Ancaq idmançılarımız üçün fərq etməz, Türkiyə bizə qardaş ölkədir. Biz çalışırıq ki, yaxın illərdə ölkəmiz idmanın bu növü üzrə irimiqyaslı yarışa ev sahibliyi etsin. Əslində, 6 beynəlxalq idman qurumundan dünya çempionatında iştirak ilə bağlı müraciət almışıq. Biz müraciətlər arasında seçim edəcəyik. Janq sanati idman növü üzrə dünya çempionatına da dəvət almışıq. Bu ölkəmizdə yeni inkişaf etdirilən idman növüdür. Bu növün ölkəmizdə inkişaf etdirilməsi mənə həvalə olunub. Mən, həmçinin beynəlxalq federasiyanın İdarə Heyətinin üzvüyəm.
Vurğulayıb ki, paytaxt ilə yanaşı, bölgələrdə də federasiyanın bölmələri fəaliyyət göstərir. Sentyabrda yerli yarışın təşkili nəzərdə tutulub. Həmin yarış yığma komandanın heyətinin formalaşdırılması üçün seçim xarakteri daşıyacaq.