Abbas Hümbətov: Vətən müharibəsində federasiyamızın bir idmançısı qəhrəmancasına döyüşərək şəhid olub

Posted by Abbas Hünbətov

Posted on January 29, 2021



Ötən il ölkəmizdə idman nailiyyətləri baxımından uğurlu olmasa da, rəşadətli Azərbaycan Ordusunun zəfəri şanlı tariximizə qızıl hərflərlə yazıldı. İllərdir doğma yurd həsrəti ilə yaşayan, öz evindən didərgin düşən insanların əzəli torpaqlarımıza qayıtmasına çox az qalıb. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, möhkəm iradəsi və Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində gerçəkləşdi.

Bunu Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti Abbas Hümbətov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Vətən müharibəsində federasiyanın bir neçə idmançısının cəbhəyə yollandığını vurğulayan A.Hümbətov bildirib ki, onlardan Eşqin Tağıyev qəhrəmancasına döyüşərək şəhid olub. İki idmançı Azər Həmidov və Elnur İsayev yaralanıb. İsmət İsrafilov isə hazırda hərbi xidmətini davam etdirir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə E.Tağıyev “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ötən ilin martından pençak-silat üzrə turnirlərin ləğv olunduğunu deyən federasiya prezidenti vurğulayıb: “2020-ci ildə bir çox mötəbər turnirlərlə yanaşı, Malayziyada təşkili nəzərdə tutulan dünya çempionatı da təxirə salındı. Mundialın bu il keçirilməsi nəzərdə tutulub. İdmançılarımız hər zaman qitə və dünya birinciliklərində uğurla çıxış edərək mükafatçılar sırasında yer alırlar. Ümid edirəm ki, bu il də komandamız uğurlu seriyanı davam etdirəcək”.

Beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdıran A.Hümbətov deyib ki, federasiyanın idmançıları təkcə pençak-silat yarışlarında iştirak etmirlər. Federasiya bu yaxınlarda Dünya Karate Federasiyasına üzv seçilib. Ötən il Antalyada Dünya Karate Federasiyasının rəhbərliyi altında dünya çempionatı təşkil olunmalı idi. Ancaq pandemiya səbəbindən bu yarış ləğv olundu. Aparılan danışıqlardan sonra mundialın bu il Azərbaycanda keçirilməsinə dair razılıq əldə edildi.

“İdmançılar formalarını saxlamaq üçün hazırda məşqləri evdə davam etdirirlər. Bunun üçün federasiya tərəfindən xüsusi plan hazırlanıb və onlara təqdim olunub. Əsas məqsədimiz cari ildə təşkil olunacaq dünya çempionatında Azərbaycanın dövlət himninin səslənməsinə və üçrəngli bayrağımızın dalğalanmasına nail olmaqdır”, - deyə A.Hümbətov əlavə edib.